Bloq

Bazar Araşdırması Üçün Addım-Addım Təlimat

New

25.02.2025

Effektiv bazar araşdırması keçirmək üçün vacib addımları öyrənin. Bazar ölçüsünü müəyyən edin, rəqibləri analiz edin və müştəri rəylərini toplayın.

Bazar Araşdırması etmək üçün yol xəritəsi

Bazar Araşdırması niyə vacibdir?

Bazar araşdırması məhsul inkişafı, layihə təşkili və xidmətlər daha effektiv və satışgətirən olması üçün zəruridir. Hədəf bazarınızı bilmək məhsulunuzu potensial müştərilərə çatdırmağa və rəqiblərinizdən üstün mövqeyə sahib olmağa kömək edir. Bilməlisiniz ki, əgər sizin bir məhsulunuz varsa, rəqiblərinizin də oxşar məhsulu var və onların müştəri cəlbi, məhsulun üstünlükləri və çatışmazlıqları, satış strategiyası, müştərinin təcrübə dəyəri və digər sahələr üzrə xüsusi strategiyaları mövcuddur. Əgər bazarda yüksək mövqe tutmaq istəyirsinizsə, məhsulunuzu müştəri problemlərini ən asan şəkildə həll etməyə yönəltməlisiniz.

Bazar Araşdırması Necə Keçirilir?

Bazar araşdırmasına başlamaq üçün aşağıdakı addımları yerinə yetirlir:

  • Bazar ölçüsünü müəyyən edin
  • Məhsulunuzun güclü və zəif tərəflərini anlayın və şirkətin bazarda mövqeyini təyin edin
  • Analiz etmək üçün 10 rəqib şirkət seçin
  • Seqmentləri müəyyənləşdirin və müştəri rəylərini toplayın


1) Bazar Ölçüsünü Müəyyən Edin

Bazar ölçüsünü başa düşmək məhsulunuzun gələcək perspektivini yaratmağa və effektiv bazar mövqeləndirmə strategiyasını müəyyən etməyə kömək edir. Potensial müştərilərin sayını, əldə edə biləcəyiniz təxmini gəliri və digər şirkətlərin bazar payını bu araşdırmada öyrənə bilərsiniz. Əgər məhsulunuz milyonlarla dollar dövriyyəsi olan və bazarın böyük hissəsini tutan şirkətlərlə eyni olarsa, məhsulunuzu inkişaf etdirmək çox çətin olacaq. Belə hallarda, məhsulun gələcəyini başa düşərək daha niş xidmətlərə və hədəflənmiş müştərilərə yönəlmək mümkündür.

Məsələn, hazırkı vəziyyətdə ölkədə yemək çatdırılma xidməti bazarında "Wolt" dominant mövqedədir. Onun geniş restoran şəbəkəsi, çoxsaylı kuryerləri, milyonlarla müştərisi, sürətli müştəri xidməti, yüksək keyfiyyətli tətbiqi və ən əsası güclü brend tanınırlığı var. Bu bazarda uğur qazanmaq üçün daha niş auditoriyanı hədəfləyə bilərsiniz, məsələn, sağlam qidalanmaq istəyən insanlar. Bunun üçün fərdiləşdirilmiş qidalanma planları təklif edən abunə paketləri və çatdırılma xidmətləri yarada bilərsiniz.


2) Şirkətin Mövqeyini Müəyyən Etmək Üçün Məhsulunuzun Güclü və Zəif Tərəflərini Anlayın

Məhsulunuzun güclü və zəif tərəflərini müəyyən etmək üçün ən effektiv üsullardan biri SWOT analizidir. Bu metod məhsulun güclü tərəflərini, zəifliklərini, gələcək fürsətlərini və qarşılaşabiləcəyi təhlükələri izah edir. Məhsulun uğuru, müştəri problemlərinə həll tapmaq və unikal dəyər təkliflərini effektiv istifadə etməklə bağlıdır.

SWOT Analizi:

  • Güclü tərəflər: Müştəriləri razı salan və rəqiblərdən daha müsbət təsir yaradan təsdiqlənmiş üsullar.
  • Zəifliklər: Təkmilləşdirilməsi lazım olan sahələr.
  • Fürsətlər: Az istifadə olunan ya da heç istifadə olunmayan və məhsulu bazarda gücləndirə biləcək fürsətlərdir.
  • Təhdidlər: İqtisadi dəyişikliklər, texnoloji yeniliklər, yeni qanunvericilik tələbləri və s.

SWOT analizi rəqiblər, əməkdaşlıqlar və şirkətin özü üçün müxtəlif kategoriyalara görə tətbiq edilə bilər.

"Güclü tərəflərinizi müəyyən etmək sizə rəqabət üstünlüklərindən istifadə etməyə imkan verir, zəiflikləri bilmək isə riskləri azaltmağa və məhsulun mövqeyini yaxşılaşdırmağa kömək edir."
Harvard Business Review, Strateji Mövqeləndirmə Araşdırması


3) Analiz Üçün 10 Birbaşa Rəqib Seçin

Bu analiz birbaşa və dolayı rəqiblərinizin satış metodlarını, rəqəmsal mövcudluğunu, PR fəaliyyətlərini, qiymət strategiyalarını və s. araşdırmağa kömək edir. Rəqib Analizi Xəritəsi yaratmaq bu prosesi daha sistemli və vaxt baxımından səmərəli edəcək.

Bu xəritədə aşağıdakı metriklər ola bilər:

  • Rəqiblərin Gəlir Modeli
  • Rəqəmsal Strategiya
  • Kontent Analizi
  • Reklam Strategiyası
  • Vebsayt Analizi
  • Rəqəmsal Audit
  • Qiymət Strategiyası
  • Sosial Media Aktivliyi
  • Perseptual Xəritə
  • Əməkdaşlıqlar
  • İnnovasiyalar
  • Müştəri Məmnuniyyəti
  • Bazar Mövqeləndirməsi

Yadda saxlamaq lazımdır ki, rəqib analizi hər zaman etik olmalı və hər bir şirkətin brend tanınırlığını qorumaq prinsipinə əsaslanmalıdır.


4) Seqmentləri Müəyyənləşdirin və Müştəri Rəylərini Toplayın

Müştəri seqmentasiyası və rəy toplanması, istifadəçi personajlarını anlamaq və müştəri problemlərini effektiv həll etmək üçün vacibdir. Müştəri seqmentasiyası, məhsulun büdcə strategiyasını və inkişaf istiqamətini təyin edir. Müştəri seqmentasiyası bizneslərə marketinq səylərini fərdiləşdirməyə imkan verir, bunun üçün onlar istehlakçı davranışı, demoqrafik göstəricilər və alış vərdişlərinə diqqət yetirirlər. Müştəriləri yaş, ehtiyaclar, sahələr, maraqlar və digər faktorlar əsasında müxtəlif seqmentlərə bölmək mümkündür. Bu prosesdə əsas seqment seçmək vacibdir.

Məsələn, Məhsul X həm gəncləri, həm də yaşlı insanları hədəfləyir. Müxtəlif yaş qrupları fərqli maraq və ehtiyaclara malik olduğuna görə yaş seqmentasiyası yaratmaq faydalıdır. Yaş seqmentlərini müəyyən edərək hər seqment üçün fərdiləşdirilmiş məhsul təklifləri hazırlamaq konversiyanı artıracaq.

"Müştəri personajları nə qədər spesifik olsa, marketinq və satış səylərini bir o qədər fərdiləşdirmək mümkündür, bu da daha yüksək iştirak və ROI-yə gətirib çıxarır."
HubSpot, Alıcı Personajları Hesabatı

İnternetin inkişafı ilə müştəri rəyi toplamaq daha da asanlaşıb. Trustpilot, Reddit, Indeed, eləcə də Google Play Store və Apple Store tətbiqləri vasitəsilə müştəri rəylərini toplaya bilərsiniz. Bu rəylər məhsulunuzu necə inkişaf etdirəcəyinizi və marketinq strategiyasını necə quracağınızı anlamağa kömək edir.

Bundan əlavə, bazar sorğuları keçirmək də faydalıdır. Sorğuları keçirməyin əsas üstünlüyü sizə hansı sahələri spesifik olaraq inkişaf etdirməli olduğunuzu dəqiq göstərir. Google Forms, Typeform və SurveyMonkey kimi vasitələr sorğular hazırlamaqda kömək edə bilər.


Nəticə

Bazar araşdırması məhsulunuzu effektiv mövqeləndirmək və rəqiblərdən önə keçmək üçün vacibdir. Bazar ölçüsünü müəyyən etməklə, güclü və zəif tərəfləri analiz etməklə, rəqib strategiyalarını öyrənməklə və müştəri rəylərini toplamaqla yaxşı araşdırılmış strategiya hazırlaya bilərsiniz. Bu, həm müştəri problemlərini anlamağa, həm də onların ehtiyaclarını ödəmək üçün həllər yaratmağa imkan verir. Doğru yanaşma ilə bazar araşdırması innovasiya, fərqləndirmə və uzunmüddətli uğur üçün güclü bir vasitədir.